ELM VƏ TƏHSİL


Azərbaycanın və Rusiyanın ali məktəbləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb

Bakı, 22 may, AZƏRTAC

Təhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, forumun açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev, Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, habelə assosiasiyanın həmsədrləri olan Sumqayıt Dövlət Universitetinin və Ufa Dövlət Neft Texniki Universitetinin rektorları çıxış ediblər.

Daha sonra assosiasiya çərçivəsində görülən işlər və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Forum çərçivəsində Azərbaycanın və Rusiyanın ali məktəbləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb, nümayəndə heyəti Başqırdıstanın ali təhsil müəssisələrinin imkanları ilə tanış olub.

M.Eynullayev Başqırdıstan Respublikasının rəhbəri Rustem Xamitov ilə görüşüb. Görüşdə, həmçinin Baş nazirin müavini S.Saqitov, Başqırdıstanın təhsil naziri Gulnaz Şafikova iştirak ediblər.

Görüşdə Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, Başqırdıstanın və Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. Başqırdıstan tərəfi Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlarla tanış olmaq arzusunu ifadə edib.

Nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin fəaliyyəti ilə tanış olub. Sonra Başqırdıstanda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.