ELM VƏ TƏHSİL
Azərbaycanın və Rusiyanın ilk peşə və orta ixtisas təhsili sistemi müzakirə olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Təhsil Nazirliyində Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin, “Peşəkar icmaların və Gənc peşəkarlar-işçi kadrların inkişafı Agentliyi”nin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ilk peşə və orta ixtisas təhsilinin inkişafı və “WorldSkills hərəkatı” mövzusunda keçirilən görüşdə Azərbaycanın və Rusiyanın ilk peşə və orta ixtisas təhsili sistemi, onun perspektiv inkişaf istiqamətləri müzakirə edilib. Həmçinin “WorldSkills hərəkatı”, “WorldSkills Rusiya” standartlarına uyğun işçi kadrların hazırlıq keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi haqqında təqdimatlar edilib, bu sahədə hər iki ölkənin mütəxəssislərinin təcrübə və bilik mübadiləsi müzakirə olunub.
Görüşdə Azərbaycanda peşə təhsili alan bir qrup nümayəndə mayın 17-dən 19-dək Rusiyada keçiriləcək “Gənc peşəkarlar” (WorldSkills Rusiya) Milli çempionatında iştirak etmək üçün dəvət alıb. Bununla yanaşı, “WorldSkills hərəkatı”na qoşulmaq üçün Rusiya təcrübəsindən faydalanmaq və “WorldSkills” çempionatında iştirak etmək üçün ilkin razılıq əldə olunub.