CƏMİYYƏT
Azərbaycanın və Türkiyənin daxili işlər orqanlarının səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Qalip Mendinin başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də ölkəmizə rəsmi səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qalip Mendi və onu müşayiət edən şəxslər mayın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş mərd mübarizlərin şərəfinə ucaldılmış "Əbədi məşəl" kompleksini, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının Qardaşlıq məzarını, həmçinin şəhid türk əsgərlərinin məzarlarını ziyarət ediblər.
Həmin gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Qonaqları səmimiyyətlə salamlayan nazir müstəqilliyinin bərpasından sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
Ramil Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətləri daha da inkişaf etdirməyə böyük önəm verdiyini vurğulayıb. Nazir ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi qeyd edərək buna görə minnətdarlığını bildirib.
Sonra mövcud kriminogen durum, Azərbaycanın müstəqilliyin ilk illərində qarşılaşdığı problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyünün pozulması, torpaqlarımızın işğalı, bir milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra dahi şəxsiyyətin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai qayda və təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz sabitlik yaradılıb.
Problemlərə də toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Qalip Mendi Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdırıb. O, Bakının ən gözəl paytaxt şəhərlərindən biri olmasından, ölkəmizin dinamik inkişafından məmnunluğunu bildirib.
Jandarm Qüvvələrinin Baş Komandanı iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, “bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer alacağını vurğulayıb. O, Azərbaycan Ordusunun, həmçinin Daxili Qoşunların güclənməsindən qürur duyduqlarını, bu baxımdan bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə olunub.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun da iştirak edib.