SİYASƏT


Azərbaycanın xarici işlər naziri Afrika İttifaqının komissarı ilə görüşüb

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Afrika İttifaqı nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Elmar Məmmədyarov Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusunda təşkilatla və üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, Afrika İttifaqının mənzil-qərargahında təşkil olunan müxtəlif tədbirlər vasitəsilə ölkəmizin Afrika ölkələri arasında daha yaxından tanıdılması üçün ardıcıl iş aparıldığını deyib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü olaraq Afrika məsələlərinə xüsusi diqqət ayırdığını deyən nazir ölkəmizin 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildiyini və bu statusda da Azərbaycanın davamlı inkişaf məqsədlərinin təşviqinə töhfə verməyə çalışacağını bildirib.

Nazir E.Məmmədyarov Qoşulmama Hərəkatının 2019-cu ildə növbəti sammitinin Azərbaycanda keçiriləcəyini qeyd edib. O, Afrika ölkələrinin mütləq əksəriyyətinin Qoşulmama Hərəkatında təmsil edildiyini və bu platforma əsnasında da qitə ölkələri ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahi Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dəvət edildiyinə görə təşəkkürünü bildirib və Forumun gündəliyində duran məsələlərin aktual xarakter daşıdığını qeyd edib. O, Forumda multikulturalizm üzrə panelə sədrlik edəcəyini və beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə Afrika İttifaqının baxışını təqdim edəcəyini deyib.

Görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında əlaqələrinin gələcək perspektivləri, BMT-nin Təhlükəsizlik Şurasının islahatı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.