SİYASƏT


Azərbaycanın xarici işlər nazirinin məqaləsi İranın “Şəhriyar” qəzetində dərc olunub

A+ A

Tehran, 25 dekabr AZƏRTAC

İranın “Şəhriyar” qəzetində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş məqaləsi dərc edilib. “25 illik müstəqillik dövrünə baxış və xarici siyasətimizin çağdaş prioritetləri” sərlövhəli məqalədə Azərbaycanın keçdiyi yol və qazandığı uğurlar barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, ərazisinin bir hissəsinin işğal olunmasına baxmayaraq, ölkəmiz sürətlə inkişaf edir. 2004-2014-cü illərdə dünyada ən yüksək iqtisadi artım göstəricilərinə malik ölkə olan Azərbaycanda yoxsulluq kəskin şəkildə - 50 faizdən 5 faizədək azalıb. İşsizliyin səviyyəsi də hazırda təqribən 5 faiz təşkil edir. Ölkəmizdə təhsil sahəsinə əsaslı sərmayələr qoyulur. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son illərdə üç mindən artıq yeni məktəb binası tikilib və ya təmir edilib. Ölkə ərazisində 500-dən çox xəstəxana inşa olunub. Bu isə uşaq ölümlərinin kəskin şəkildə azalmasına imkan verib.

Yazıda qeyd edilib ki, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi prosesində Azərbaycan BMT və onun ixtisaslaşmış təsisatları ilə əməkdaşlığa, BMT-nin ali orqanları olan Təhlükəsizlik Şurasının və Baş Assambleyanın effektivliyinin artırılmasına xüsusi önəm verir. BMT dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsədlər naminə universal təşkilat kimi mühüm rol oynamaqdadır.

“Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir və dönməzdir” müdrik kəlamının fəlsəfəsinə və mahiyyətinə sadiq qalaraq, uğurlu daxili siyasətimizin məntiqi davamı olan xarici siyasətimiz 25 illik müstəqillik dövründə milli maraqlarımızın beynəlxalq səviyyədə qorunmasına və həyata keçirilməsinə, dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edib. Əminliklə deyə bilərik ki, gündəlikdə olan prioritetlərimizin həyata keçirilməsi üçün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə fəal və davamlı xarici siyasətimiz qarşıdan gələn illərdə də davam etdiriləcək”, - deyə məqalədə vurğulanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.