SİYASƏT


Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən bəhs edən kitabın təqdimatı keçirilib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, SAM-ın nəşri olan bu kitab Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu xarici siyasət haqqında danışıb. Bildirib ki, müstəqilliyimizin ilk illəri ölkəmizdə şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan qüvvələrin rəhbərliyi, bunun nəticəsi olaraq geniş vüsət alan ictimai-siyasi gərginlik, hərc-mərclik, anarxiya, özbaşınalıq, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi nəticəsində dərin siyasi və sosial-iqtisadi böhranla müşayiət olunurdu. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə vəziyyət sabitləşməyə başladı, ölkəmizdə əsaslı islahatların təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət strategiyasını, qarşıda duran vəzifələri və prioritetləri müəyyənləşdirdi. Xarici siyasətimiz ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldildi. Ulu Öndərin əsasını qoyduğu xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan dünya dövlətləri ilə, BMT, ATƏT, Avropa İttifaqı, NATO, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycanın yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə münasibətlərində balanslaşdırılmış xarici siyasət yürüdür. Xarici siyasətdə balanslaşdırmanın əsas götürülməsi Azərbaycanın yerləşdiyi regionun həssas olmasından irəli gəlir.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi istiqamətində yorulmaz səylər göstərir. Region dövlətləri ilə maraqların üst-üstə düşməsini təmin etmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etmək dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Ölkəmizin tarixinə nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı ölkəmizin vaxtilə ciddi çətinliklərlə üzləşdiyini, böyük imperiyaların mübarizə meydanı olduğunu və xalqımızın uzun illər bundan çox əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, buna baxmayaraq, müstəqil Azərbaycan bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı, beynəlxalq birliyin bərabərhüquqlu üzvünə, etibarlı tərəfdaşına çevrildi.

M.Qasımlı Azərbaycanın xarici siyasəti barədə ətraflı məlumat verib. O deyib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilk növbədə qonşuları, beynəlxalq ictimaiyyətin digər üzləri ilə mehriban münasibətlər qurub. Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının və digər Avropa təşkilatlarının üzvüdür. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verir.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, SAM-ın direktor müavini Gülşən Paşayeva, xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və başqaları tədbirdə çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, kitabda əksini tapan 28 məqalədə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin ayrı-ayrı prioritet istiqamətləri, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun uğurları, siyasi-iqtisadi maraqların və milli təhlükəsizlik mənafelərinin təminatında əldə edilmiş nailiyyətlər, dövlətimizin beynəlxalq təhlükəsizlik və iqtisadi münasibətlər sistemindəki rolu və mövqeyi ətraflı təhlil edilib. Xüsusilə Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər tədqiqatçı-ekspert prizmasından işıqlandırılıb. Bundan başqa, kitabda müvafiq bölmələr üzrə Azərbaycanın qonşu ölkələri (Türkiyə, Rusiya, İran, Gürcüstan) və Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) ilə əlaqələri ətraflı araşdırılıb. Azərbaycanın qlobal və regional güclərlə münasibətləri təhlil edilib. Həmçinin ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri və bu qurumların fəaliyyətindəki iştirakı nəzərdən keçirilib.

Diqqətə çatdırılıb ki, nəşr xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin ali məktəblərin tələbələri və magistrləri, müəllimləri üçün dəyərli mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.