İDMAN
Azərbaycanın yeddi boksçusu “Bakı-2017”nin yarımfinal mərhələsinə adlayıb
Bakı, 16 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında dörddəbir final mərhələsi başa çatıb. Bu mərhələ Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı üçün də uğurlu alınıb.
AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla üz-üzə gəlib. K.Şahsuvarlı görüşü çətinlik çəkmədən qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.
Təmsilçimiz mayın 17-də baş tutacaq yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.
Bununla da, yarımfinala vəsiqə qazanan Azərbaycan boksçularının sayı 7-yə çatıb. K.Şahsuvarlıya qədər Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) dörddəbir final səddini uğurla aşıblar.
Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan millisinin üzvü Məsud Yusifzadə dörddəbir final mərhələsində Abrorjon Kodırova məğlub olaraq Oyunlarda çıxışını dayandırıb.