RƏSMİ SƏNƏDLƏR


Azərbaycanın yəhudi icmasına

A+ A

Hörmətli həmvətənlər! 

Sizi yəhudi xalqının qədim milli bayramlarından olan Roş-Ha-Şana – Yeni il münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Yüz illərdir ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, milli-mənəvi adət-ənənələrini günümüzə qədər qoruyub saxlamışlar.

Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən, ölkədə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunun üçün ölkəmizdə həqiqi demokratik və siyasi-hüquqi şərait yaradılmışdır.

Məmnuniyyət hissi ilə onu da qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirir.

Hər il təntənə ilə keçirilən Roş-Ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikası Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır