SİYASƏT


Azərbaycanın yeni analitik informasiya portalı Fransada maraq doğurur

Strasburq, 27 aprel (AzərTAc). Azərbaycanın informasiya məkanında yeni analitik portal fəaliyyətə başlamışdır. İnformasiyaları Azərbaycan, türk, rus və ingilis dillərində yayımlanan portal qısa bir vaxtda nəinki ölkəmizdə, habelə xarici ölkələrdə maraq doğurur. Cənubi Qafqaz regionunda və dünyada siyasət, geosiyasət, beynəlxalq münasibətlər, iqtisadiyyat, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq və digər mövzularla bağlı analitik materialları www.NewTimes.az saytında izləmək mümkündür. Yeni portalda yayımlanan materiallarda ədalətli yanaşma, müxtəlif mövqe, fikir və ideyaların əks olunması onun geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmasına səbəb olmuşdur.
Azərbaycanda müxtəlif sahələr sürətlə inkişaf edir və ölkəmiz regionda lider bir dövlətə çevrilmişdir. Azərbaycan cəmiyyətinin davamlı və yeniləşən inkişafını, dövlətimizin siyasətinin beynəlxalq aləmə çatdırılması istiqamətində yeni portalın atdığı addımlar dünya ictimaiyyətinin diqqətini cəlb etməyə başlamışdır.
Dinamik bir quruma çevrilməkdə olan NewTimes saytında yayımlanan materiallar Fransada da maraq doğurur. Artıq saytda yayımlanan informasiyalar bu ölkənin bəzi elektron qəzetlərində yer almaqdadır. Fransız və ingilis dillərində dərc olunan actrurca.wordpress.com elektron qəzetində NewTimes saytında gedən “Türkiyənin Avropa İttifaqına üzvlüyü və ya qazanarkən itirdiyi” sərlövhəli analitik yazının ingilis dilindəki variantını öz səhifələrində yerləşdirməsi buna əyani misaldır.
Məqalədə Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə əlaqədar etdiyi müraciətdən 25 il ötdüyü qeyd olunmuş, 1987-ci ildə Türkiyənin Avropa İttifaqına üzv olmaq üçün rəsmən müraciət etdiyi və bu məsələnin bu gün Avropa məkanında gedən müzakirələrin əsas mövzusuna çevrildiyi diqqətə çəkilmişdir.
Müraciət edildiyi vaxtdan ötən dövr ərzində Türkiyənin beynəlxalq aləmdə oynadığı rol barədə söhbət açan yazıda Türkiyənin Avropa İttifaqına üzvlük məsələsində Qərbi qorxudan amillərin analitik təhlili yer almışdır.
Türkiyənin Avropa İttifaqına daxil olmasını əngəlləyən ilk amil kimi onun müsəlman ölkəsi olması diqqətə çəkilmişdir. İkinci məqam kimi iqtisadi yük göstərilmişdir. Haradasa bütün Şərqi Avropaya bərabər olan Türkiyədə yüksək həcmdə investisiya tələb edən az inkişaf etmiş bölgələrin mövcudluğu da Qərbi bu ölkənin Aİ-yə daxil olmasına qarşı qoyması barədə oxuculara məlumat verilmişdir.
Sonda qeyd olunur ki, əgər Türkiyə Aİ-yə üzv olarsa, Qərb beynəlxalq aləmdə formalaşmaqda olan sivilizasiyalararası toqquşma nəzəriyyəsinin əsassız olduğunu isbat edəcəkdir.
Azərbaycanda fəaliyyətə başlayan NewTimes portalında yayımlanan materiallarla tanış olan fransız oxucuları onların fransız dilində tərcüməsinin verilməsinin vacibliyini vurğulamışlar.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır