SİYASƏT
Azərbaycanın yerli idarəetmə orqanları Koreya Respublikasının müvafiq təcrübəsini öyrənir
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Koreya Respublikasında işgüzar səfərdə olub. Səfərin məqsədi Koreya Respublikasının yerli idarəetmə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirmək olub.
Şirvan şəhəri, Beyləqan, Salyan, Gədəbəy, Kəlbəcər, Şərur, Şahbuz, Cəlilabad, Qazax və Bakının Nizami rayonlarının icra hakimiyyəti başçılarından və Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Habil Əzənmədovdan ibarət nümayəndə heyəti paytaxt Seulun, habelə Busan, Qyonqcu və Dequ şəhərlərinin merləri ilə görüşüb, həmçinin şəhər rəhbərliyinin inzibati binaları, idarəetmə sistemləri və şəhərsalma planları ilə tanış olub.
Görüşlərdə Azərbaycan-Koreya əlaqələrinin inkişafında ölkələrimizin müxtəlif şəhər və regionlarının əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti həmin şəhərlərin tarixi abidələri, muzeyləri, sosial infrastrukturu, sənaye kompleksləri ilə tanış olub, aparılan abadlaşdırma işləri barədə məlumatlandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul