REGİONLAR


Azərbaycanın yerli it cinsi olan Qurdbasarların seleksiyasına ehtiyac var FOTO VİDEO

Gəncə, 11 may, Rauf Hacıyev, AZƏRTAC

İtlər insanlara sədaqəti ilə seçilir. Elə tarixdə ilk əhliləşdirilən ev heyvanının it olması da bunu sübut edir. Müasir dövrümüzdə isə bir çox dövlətlər itlərin seleksiyasını təkmilləşdirərək kinologiyanı gəlirli sahəyə çeviriblər. İndi Saluki, Louçen, Azavax, Akita, Rotviler, Buldoq, Afçarka və Doberman kimi cins itlərin istər xidmət, istərsə də qiymət baxımından üstünlüklərini çoxları yaxşı bilir. Halbuki Azərbaycanın yerli it cinsi olan Qurdbasar nə tarixi şöhrətinə, nə də sədaqət və fiziki göstəricilərinə görə həmin itlərdən heç də geri qalmır. Ona görə də xalq arasında daha çox Alabaş və Çoban iti kimi tanınan Qurdbasarların damazlıq özəyinin bərpasına və seleksiyasına ciddi ehtiyac var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gəncədə və respublikamızın qərb bölgəsində kinoloq və veterinar kimi tanınan Nemət Əliyev deyib.

Nemət Əliyev 20 ildir müxtəlif cins it bəsləməklə məşğuldur. Onun sözlərinə görə, itlər müvafiq olaraq 4 qrupa - dekorativ, ov, keşik və xidməti məqsədlərə bölünür. Bu qrupların özləri də bir çox növlərə ayrılır. İtlər xolerik, sanqvinik, melanxolik və fleqmatik kimi psixoloji təbiətə malik olurlar. “Xolerik olanlar çətin tərbiyə olunur, lakin öyrəndiklərini ömürlərinin sonunadək yadda saxlayırlar. Bu itləri gərək özünə ram etməyə bacarasan. Ümumiyyətlə, itlərlə yaxşı dost olmaq lazımdır. Yaxşı köpək insanı özünə ağa bilir və hər an sahibinin yolunda ölümə hazır olur”, - deyə o qeyd edir.

Kinoloq deyir ki, Qurbasarlardan əsasən Qarabağ bölgəsindəki maldar tayfalar keşik və xidmət məqsədi ilə istifadə ediblər. Həmçinin ölkəmizin Quba, Xızı, Şamaxı, İsmayıllı və Qazax ərazisindəki elatlar da təsərrüfatlarında Qurdbasarların xidmətindən yararlanıblar. Ona görə də yerli elatların yaylaq və qışlaqlarda saxladığı Qurdbasarlar istər dağlıq, istərsə də düzən şəraitə yaxşı uyğunlaşıblar. Qurdbasarlardan karvanların, evlərin və torpaq sahələrinin mühafizəsində, eləcə də qoyun sürüsünün canavar hücumundan qorunmasında da istifadə olunub. Lakin, son dövrlərdə bölgələrdə insanlara və qoyun sürülərinə hücum edən canavarların sayının artması onu göstərir ki, yerli sakinlərin və fermerlərin təsərrüfatında əvvəlki kimi cins Qurdbasarlar yoxdur.

Sahibinə və onun ailəsinə sədaqəti ilə seçilən bu itlərin yadlara qarşı çox amansız olduğunu deyən Nemət Əliyev bildirir ki, sədaqətliyi və fiziki göstəricilərinin yüksək olması onların mühafizəyə cəlb edilməsi ilə nəticələnib. Məhz Qurdbasarlar Azərbaycanın yerli it cinsi olaraq ölkəmizdə yayılıb və elə burada da formalaşıb. Lakin təəssüflər olsun ki, Qurdbasarlar əcnəbilər tərəfindən dünyada Qafqaz çoban iti kimi ümumi adla təqdim edilir.

Tarixi-arxeoloji araşdırmalar göstərir ki, hələ 5 min il əvvəl Azərbaycanda yerli əhliləşmiş itlər insanlara ovda və həyətlərin, heyvanların qorunmasında yardım göstəriblər.

Azərbaycan Qurdbasarları haqqında daha qiymətli tarixi fakt isə hələ 2 min il bundan əvvəl Roma tarixçisi Böyük Plininin “Təbiət tarixi” əsərində verilib. Tarixçi yazır: “Makedoniyalı İskəndər Hindistana yürüşü zamanı Alban çarı ona qeyri-adi böyüklükdə bir köpək bağışladı. Köpəyin görkəmindən xoşlanan İskəndər onun üstünə ayıların, sonra qabanların, nəhayət, xallı maralların buraxılmasını əmr etdi. Ancaq o (it) nifrətli baxışları ilə yerindən tərpənmədən olanları seyr etdi. Bu nəhənglikdə heyvanın belə süstlüyündən kefi pozulan cəsur İskəndər onun öldürülməsini əmr verdi. Bu haqda xəbər Alban çarına çatdı. Beləliklə o, başqa bir it göndərdi. Üstəlik bildirdi ki, Makedoniyalı İskəndər onu xırda heyvanlarla deyil, şir və ya fillə sınaqdan keçirsin...”.

Tarixi-arxeoloji dəlillərdən və təcrübəli kinoloqların qeydlərindən məlum olur ki, Azərbaycanın yerli it cinsi olan Qurdbasarların damazlıq özəyini yaxşılaşdırmaq və seleksiyasını təşkil etməklə həmin heyvanların xidmətindən daha geniş yararlanmaq, bu işi gəlirli sahəyə çevirmək mümkündür. Qurdbasarların tarixi şöhrətini özünə qaytarmaq həm də bu itlərin dünyada öz adı ilə tanıdılması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.