ELM VƏ TƏHSİL
Azərbaycanın zəngin flora və faunası Karl adına Praqa Universitetinin elmi işçilərinin tədqiqat obyektidir VİDEO
Quba, 9 iyul (AZƏRTAC, Elxan Yusifli). Karl adına Praqa Universitetinin elmi işçilərindən ibarət tədqiqat qrupu Azərbaycanın şimal bölgəsinin flora və faunası ilə yaxından tanışlıq məqsədi ilə iyulun 9-da Qubaya səfər etmişdir.
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universiteti ilə əldə olunmuş qarşılıqlı razılılaşmaya əsasən, çexiyalı elm adamları artıq 4 ildir ki, ənənəvi olaraq respublikamızın ayrı-ayrı bölgələrində heyvanlar aləmi, bitki örtüyü, çay və digər su hövzələrinin təbii zənginliyi ilə bağlı tədqiqatlar aparırlar.
Qubaya səfər etmiş 6 nəfərdən ibarət çexiyalı ekspedisiya qrupu ilə birlikdə BDU-nun tələbələri də tədqiqat işlərində iştirak edirlər.
Çexiyalı alimləri əsasən milli park və qoruqlardakı relikt və endemik ağaclar, çay hövzələrindəki balıqların biomüxtəlifliyi, eləcə də təbii landşaftların zənginliyi ilə səciyyələnən bölgələrimizdəki nadir növlər maraqlandırmışdır. Tədqiqatların nəticələri yerli tələbələrlə birlikdə müzakirə olunduqdan sonra ölkəmizdəki flora və faunanın Avropada, eləcə də bütün dünyada təbliği istiqamətində addımlar atılacaqdır.
Praqa Universitetinin elmi işçilərindən ibarət tədqiqat qrupu Qubadan əvvəl Lənkəran rayonunda olmuşdur.