CƏMİYYƏT


Azərbaycanla Avstriya arasında sosial xidmətlərin təşkili sahəsində təcrübə mübadiləsi aparılır

Vyana, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdədir. “Azərbaycanda sosial xidmət təminatının inkişafı” Tvinninq layihəsi çərçivəsində həyata keçirilən səfərin məqsədi Avstriyanın sosial müdafiə sistemi, çətin həyat şəraitində yaşayan şəxslər üçün sosial xidmətlərin təşkili, bu sahədə mövcud normativ-hüquqi baza və infrastrukturun, iqtisadi və təşkilati əsasların, ictimaiyyətlə iş praktikasının öyrənilməsi, təcrübə mübadiləsinin aparılmasıdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstriya Respublikasının ailə və gənclərlə iş üzrə naziri Sofi Karmazinlə görüşüb. İ.Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri barədə məlumat verib, ölkədə insan kapitalının inkişafı, əhalinin, o cümlədən gənclərin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində görülən işləri və müsbət nəticələri diqqətə çatdırıb. Sosial sahənin inkişafının Azərbaycanda aparılan siyasətin prioritetlərindən olduğunu vurğulayan nazir müavini ölkəmizin sosial təminat sistemindən bəhs edib, sistemin səmərəliliyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi üçün aparılan islahatları diqqətə çatdırıb. O, son illər Azərbaycanın əmək və sosial müdafiə sahələri üzrə müasir texnologiyalar əsasında qurulan və əhaliyə şəffaf xidmətlər göstərilməsinə şərait yaradan avtomatlaşdırılmış sistemləri barədə də məlumat verib. Nazir müavini bu sistemlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini, BMT-nin rəsmi portalı vasitəsilə dünyada təbliğ olunduğunu qeyd edib.

Bundan başqa, Azərbaycanda sosial xidmətlər sistemi və müvafiq qanunvericilik bazası barədə məlumat verilib, dövlət sifarişləri əsasında qeyri-hökumət təşkilatlarının da bu sahəyə cəlb olunduğu, sosial xidmətlərin əhatə dairəsinin son illərdə daha da genişləndirildiyi bildirilib. Qeyd olunub ki, tənha ahıl və əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların, sosial təhlükəli vəziyyətdə, çətin həyat şəraitində olan uşaqların və ailələrin də reabilitasiya yönümlü sosial xidmətlərə çıxışı təmin edilib. Ümumilikdə ölkədə 15 minədək şəxs, eləcə də bəzi kateqoriyalardan olan uşaqların ailələri sosial xidmətlərlə təmin edilirlər. Bununla yanaşı, dövlət akkreditasiyasından keçmiş 10 qeyri-dövlət yardım mərkəzi vasitəsilə məişət zorakılığından zərər çəkmiş şəxslərə də sosial xidmətlərdən istifadə, habelə zəruri tibbi, psixoloji, hüquqi yardımla təmin olunmaq imkanları yaradılıb.

Hazırda ölkədə sosial işin əhatə etdiyi şəxslərin kateqoriyalarının, bu işin funksional miqyasının xeyli genişlənməsini nəzərdə tutan yeni “sosial işçi” modelinin tətbiqi, çətin həyat şəraitində olan şəxslərin sosial inklüziyasının təmin edilməsi və müvafiq sahədə qanunvericiliyin, institusional mexanizmlərin təkmilləşdirilməsi üçün islahatlar davam etdirilir. Həmçinin sosial xidmətlər üzrə keyfiyyət standartları və keyfiyyətin idarə olunmasına dair mexanizmlərin, sosial xidmət təminatının monitorinqi və qiymətləndirmə sistemlərinin, yeni sosial xidmət modellərinin hazırlanması işləri aparılır. Avropa İttifaqının “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” Tvinninq layihəsi bu sahədə qabaqcıl Avropa, o cümlədən Avstriya təcrübəsindən faydalanmağa imkan verir.

Görüş zamanı əməkdaşlıq əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti də qeyd olunub, bu məqsədlə S.Karmazin Azərbaycana səfərə dəvət olunub. Dəvətdən məmnunluğunu ifadə edən S.Karmazin cari ilin yay aylarında ölkəmizə səfər edə biləcəyini qeyd edib.

Azərbaycan nümayəndə heyətinə Avstriyada sosial xidmət sistemi, onun normativ-hüquqi bazası və infrastrukturu, iqtisadi və təşkilati əsasları, sosial xidmətlərin təşkilində hökumət və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı iş, sosial sifarişlər üzrə fəaliyyət və s. barədə ətraflı məlumatlar verilib. İki ölkə arasında sosial xidmətlər sahəsində fəal təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı olduğu vurğulanıb.

Səfər çərçivəsində Avstriya Respublikasının Əmək, Sosial İş və İstehlakçıların Müdafiəsi Nazirliyinin rəsmiləri ilə də görüşlər keçirilib, ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub. Görüşlər zamanı qarşılıqlı maraq doğuran fəaliyyət sahələrinə dair təqdimatlar keçirilib, təcrübə mübadilələri aparılıb.

Avstriyada Məişət Zorakılığına Qarşı Müdaxilə Mərkəzində olan nümayəndə heyəti məişət zorakılığından zərər çəkmiş şəxslər üçün bu mərkəzdə təşkil olunan yardım və xidmət növləri, mərkəzin ictimai əlaqələrinin qurulması üzrə fəaliyyəti, maarifləndirmə kampaniyaları və s. ilə tanış olub. Müstəqil Qadın Evləri Birliyi ilə tanışlıq zamanı bu təşkilatın zorakılığa məruz qalmış qadın və uşaqların problemlərinin həllinin dəstəklənməsi yönündə fəaliyyəti, mətbuat və ictimailəşdirmə üzrə gördüyü işlər barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Vyana bələdiyyə orqanının sosial planlaşdırma şöbəsinin iş prinsiplərini, sosial xidmətlər üzrə layihələrin idarə edilməsi, xəstə və yaşlılar üçün evdə xidmətin təşkili, ekspert hesabatların hazırlanması və s. sahələrdə təcrübəsini nəzərdən keçirib.

Daha sonra Vyana Sosial Fondunun strategiyası və fərdi yardımların göstərilməsi üzrə fəaliyyəti, ehtiyacı olan şəxslərin müxtəlif növ sosial xidmətlərlə təminatı sahəsində gördüyü işlərlə, bu sahədə məlumatlandırma tədbirləri ilə tanış olublar. Bildirilib ki, Fond hər bir vyanalının fərdi şəkildə müvafiq yardımla təmin olunmasına imkan yaradır. Vyana şəhərindəki 11 saylı bələdiyyə şöbəsinin uşaqlara və ailələrə, eləcə də məişət zorakılığı qurbanlarına müxtəlif növlərdə sosial xidmətlərin göstərilməsi üzrə iş təcrübəsi də öyrənilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.