MƏDƏNİYYƏT
Azərbaycanla Belarus arasında xoreoqrafiya sahəsində əlaqələr möhkəmlənir
Minsk, 14 oktyabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev belaruslu həmkarlarla yaradıcılıq əməkdaşlığının tənzimlənməsi məqsədilə Belarusda səfərdədir. Oktyabrın 12-də T.Əfəndiyev və Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Yuri Bondar tələbə və müəllimlər mübadiləsi, birgə müsabiqələr, elmi konfranslar və digər tədbirlər keçirilməsi barədə müqavilə imzalayıblar.
Professor Timuçin Əfəndiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, Minskdə ikitərəfli tədbirlər çərçivəsində ustad dərsləri təşkil edilib. Bizim nümayəndə heyəti tərəfindən ustad dərsini məşhur rəqqasə, Azərbaycanın Xalq Artisti, “Zirvə” və “Qızıl Dərviş” mükafatları laureatı, prezident təqaüdçüsü Kamilla Hüseynova keçirib. Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri davam edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk