İQTİSADİYYAT
Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanlar var
Tbilisi, 1 mart, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun bu ölkənin Rəqabətlilik Agentliyinin rəhbəri Nodar Xaduri ilə görüşündə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf istiqamətləri, sərmayə qoyuluşu, ticarət dövriyyəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İqtisadi əlaqələrin, ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların olduğu qeyd edilib.
Dursun Həsənov Gürcüstan hökumətini, xalqını Gürcüstan ilə Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə əldə olunan nailiyyətlərə görə təbrik edib.
Səfir Azərbaycan Prezidentinin strateji tərəfdaş və dost ölkə olan Gürcüstanla əlaqələrin dərinləşməsinə xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələr birgə səylərimiz nəticəsində daha da inkişaf edəcək. Diplomat sağlam rəqabətlilik mühitinin yaradılmasının istehsal olunan məhsulların keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayıb.
Nodar Xaduri ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin qədim tarixindən danışıb, Azərbaycanın Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyduğunu, SOCAR-ın Gürcüstan nümayəndəliyinin ölkədə ən böyük vergi ödəyicisi olduğunu vurğulayıb.
N.Xaduri iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu və bu əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib. O, bu məqsədlə Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi