İQTİSADİYYAT
Azərbaycanla Moldovanın vergilər sahəsində əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Bakı, 25 noyabr, AZƏRTAC
Vergilər naziri Fazil Məmmədov Azərbaycanda səfərdə olan Moldova Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Vergi Müfəttişliyinin rəhbəri İon Prisekaru ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, F.Məmmədov son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğunu, bu uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasətin dayandığını vurğulayıb.
Vergilər naziri Azərbaycan və Moldova respublikaları arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Qonağa həmçinin ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə qazanılan uğurlar haqqında da ətraflı məlumat verilib.
İon Prisekaru ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Son illər yüksək iqtisadi artıma nail olan Azərbaycanla Moldovanın vergi xidmətləri arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq təcrübə mübadiləsinin daha da dərinləşdirilməsinin, mübadilə proqramlarının davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Moldova Baş Dövlət Vergi Müfəttişliyinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində nəzərdə tutulmuş işgüzar proqramın çox zəngin və maraqlı olduğunu söyləyən İon Prisekaru ikitərəfli münasibətləri daha da inkişaf etdirmək üçün müvafiq dövlət qurumlarının nümayəndələri arasında bu cür səfərlərin gələcəkdə də təşkil olunmasının vacibliyini bildirib.
Görüşdə vergilər sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.