MƏDƏNİYYƏT


Azərbaycanla Nyu-Yorkun Bruklin inzibati rayonu arasında mədəni mübadilə proqramı yaradılacaq

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Nyu-York şəhərinin Bruklin inzibati rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində olub. Nümayəndə heyətinə yerli hakimiyyət rəhbərinin müavini Rozental Marietta və köməkçisi Dimon Stefani Ama Evelin daxildir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Bruklin inzibati rayonundan Bakıya istedadlı, yaradıcı gənclər üçün mədəni mübadilə proqramının yaradılmasını təklif edib.

Erik Adams ölkəmiz haqqında yüksək fikirlərini ifadə edərək, ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və mədəni mübadilə proqramının həyata keçirilməsi təklifini yüksək qiymətləndirib. Bu istiqamətdə görülən işlərin həm mədəniyyət, həm də turizm sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib.

Əbülfəs Qarayev 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verib və nümayəndə heyətini bu foruma dəvət edib.

Qeyd edək ki, nümayəndə heyətinin sentyabrın 3-dək davam edəcək səfəri çərçivəsində rəsmi görüşlərlə yanaşı, Azərbaycan Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna və Heydər Əliyev Mərkəzinə ekskursiyaları nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.