CƏMİYYƏT
Azərbaycanla Tacikistan arasında din sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Düşənbə, 3 mart, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin hökuməti yanında Dini Məsələlər üzrə Komitənin sədri Suleyman Davlatov ilə görüşüb.
A.Həsənov yeni təyinat münasibətilə S.Davlatovu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə dini adət və ənənələr, dini təhsil və dini fəaliyyətin tənzimlənməsi, bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi aparılması məsələləri müzakirə edilib. Hər iki ölkədə dini ekstremist cərəyanların yaranması ehtimalı və bu kimi neqativ halların qarşısının alınması istiqamətində də fikir mübadiləsi aparılıb.
Səfir müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda məscidlərin sayının artdığını, müqəddəs ziyarətgahların bərpa olunduğunu, xüsusilə ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra dövlətin bu sahəyə qayğısının artdığını bildirib, hazırkı vəziyyət haqqında məlumat verilib.
S.Davlatov Tacikistanda dini adət və ənənələri tənzimləmək üçün xüsusi qanun qəbul edildiyini və bu təcrübənin müsbət nəticə verdiyini söyləyib.
Tərəflər dini qurumların rəhbərlərinin, ilahiyyatçı alimlərin qarşılıqlı səfərlərinin təşkili, qarşılıqlı olaraq dini konfranslarda iştirak və digər məsələlərdən də bəhs ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə