SİYASƏT


Azərbaycanla Ukrayna arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensial var

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-təsərrüfat naziri, iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri Gennadi Zubkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla Ukrayna arasında tarixi dostluq münasibətlərinin mövcudluğunu vurğulayan Baş nazir Artur Rasizadə bütün sahələrdə qarşılıqlı faydalı əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb. Baş nazir qeyd edib ki, iqtisadiyyatın bir çox sahələri, xüsusən kənd təsərrüfatı, energetika, maşınqayırma, nəqliyyat, turizm, humanitar və başqa istiqamətlərdə işbirliyi qurmaq baxımından hökumətlərarası müştərək komissiyanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Bölgədə lider dövlət olan Azərbaycanla geniş əlaqələrin inkişafına xüsusi maraq göstərdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayan Ukrayna nümayəndə heyətinin başçısı Gennadi Zubko iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının Bakıda keçirilən növbəti on birinci iclasının yekunları və qəbul olunan qərarlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. Ukraynalı qonaq ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın və təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Söhbət zamanı beynəlxalq sülhün və sabitliyin qorunmasının vacibliyinə toxunularkən, Baş nazir Artur Rasizadə qonaqların diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəldərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün region üçün ağır nəticələr verdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.