SİYASƏT
Azərbaycanla bağlı həqiqətlər Avropada daha geniş yayılacaq
Lüksemburq, 28 noyabr, AZƏRTAC
Noyabrın 27-də Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılışı olub.
Heydər Əliyev Fondunun, Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə açılan büronun məqsədi ölkəmizin mədəniyyətinin, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş yayılmasıdır.
Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən bu informasiya bürosu və onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə ölkəmizlə bağlı tarixi, mədəni, turistik məlumatların, eləcə də işğal olunmuş Dağlıq Qarabağ barədə həqiqətlərin yerli əhaliyə çatdırılması, mütəmadi olaraq müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu istənilən ziyarətçi üçün hər zaman açıqdır və Azərbaycanla bağlı müxtəlif kitablar, jurnallar, audio və videomateriallar, broşürlər və s. əyani vəsaitlərə malikdir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, deputat Rövşən Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, səfirliyin müşaviri Fərəh Gözəlova, “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri xanım Lea Linster və başqaları tədbirdə çıxış edərək belə təşkilatların fəaliyyətinin avropalıların Azərbaycan həqiqətləri barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən ətraflı söhbət açıblar.
Ölkəmizlə bağlı həqiqətlərin, xalqımızın mədəni dəyərlərinin və tarixinin Avropada yayılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm işlər gördüyü xüsusi qeyd edilib.
Mərasimdə kamançada Azərbaycan muğamları səslənib və qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və zəngin mətbəxi haqqında kitablar və digər materiallar paylanıb.
“Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədr müavini Seymur Əhmədov AZƏRTAC-a müsahibəsində qurumun gələcək fəaliyyəti barədə danışaraq 2015-ci ildə ölkəmizin mədəniyyətinin təbliği istiqamətində bir çox tədbirlərin, konsertlərin, sərgilərin təşkil edilməsinin nəzərdə tutulduğunu deyib.
Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, Lüksemburq Xarici İşlər Nazirliyi baş katibinin müavini Leo Faber, digər dövlət qurumlarının nümayəndələri, Azərbaycan diasporunun və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq