ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Ankara Universitetinin Nüvə Elmləri İnstitutunda təcrübə keçib
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun nizamsız bərk cisimlərin radiasiyası fizikası laboratoriyasının kiçik elmi işçisi Zamil Dadaşov Türkiyənin paytaxtı Ankara şəhərində təcrübə kursunda iştirak edib.
İnstitutdan AZƏRTAC- a bildiriblər ki, Ankara Universitetinin Nüvə Elmləri İnstitutunda keçirilən təcrübə kursu “Harshaw 3500 Termoluminesens Dozimetrinin istifadəsi və tətbiqi” mövzusuna həsr edilib.
Təcrübə kursu müddətində Harshaw 3500 Termoluminesens Dozimetrinin proqram təminatının quraşdırılması və əmrlər bölməsinin yerinə yetirilməsi, TLD-100 dozimetr materialının “Element düzəltmə amili” (ECC) və “Oxuyucu düzəltmə amili” (RCF), həmçinin termoluminesans dozimetriya metodu ilə retrospektiv dozimetriya (qəza dozimetriyası) və arxeoloji nümunələrin tarixləndirilməsi metodu öyrənilib.
Z.Dadaşov qurğunun xarakteristikası və tətbiqi mövzusunda keçirilən seminarda, eləcə də bir neçə təcrübənin aparılmasında da iştirak edib.