ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin böyük elmi işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyev Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) həqiqi üzvü seçilib. Eyni zamanda, alim akademiyanın “Taclı ulduz ordeni” ilə mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, üzvlük və ordenlə bağlı diplomları S.Tağıyevə ATEA-nın şöbə müdiri Elçin İsgəndərzadə təqdim edib.
S.Tağıyev 200-dən çox məqalənin, 10-dək kitabın müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, bir sıra beynəlxalq və yerli elmi konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələrlə çıxış edib.