ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Haddersfild Universitetində məruzə ilə çıxış edib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor Eldar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Böyük Britaniyanın Haddersfild Universitetində elmi ezamiyyətdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, ezamiyyətin məqsədi “Müxtəlif çeşidli nano-TiO2 katalizatorlarının aktivliyinin alitsiklik karbon turşularının mürəkkəb efirlərinin alınmasında tədqiqi” adlı beynəlxalq qrant layihəsinin yerinə yetirilməsi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun nəzdində yeni yaradılmış İNTERLABCAT beynəlxalq laboratoriyanın elmi fəaliyyətinin əlaqələndirilməsi və koordinasiya imkanlarının öyrənilməsi idi.
Professor E.Zeynalov, həmçinin Haddersfild Universitetinin rəhbərliyi və əməkdaşları ilə görüşüb, ayrı-ayrı laboratoriyaların elmi-tədqiqat işləri ilə yaxından tanış olub.
Haddersfild Universitetində təşkil olunan elmi seminarda azərbaycanlı alimin “Karbon nanoborularının neft karbohidrogenləri modelinin anaerob oksidləşməsi prosesinə təsiri” mövzusunda məruzəsi də dinlənilib.