ELM VƏ TƏHSİL
Xəzərin ekoloji sabitliyinin qorunması üçün Xəzəryanı ölkələr birgə səy göstərməlidirlər
Bakı, 24 oktyabr, AZƏRTAC
Rusiyanın Mahaçqala şəhərində Dağıstan Dövlət Universitetinin yaranmasının 85 illiyinə həsr olunan “Xəzər - dostluq və ümid dənizi“ mövzusunda beynəlxalq elmi–praktik konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Məmməd Salmanov “Xəzər dənizində antropogen evtroplaşmanın oksigen rejiminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Vurğulanıb ki, Xəzər dənizinin ekoloji sabitliyi, qiymətli fauna və florasının qorunması Xəzəryanı ölkələrin birgə səylərindən asılıdır. Xəzərin ekoloji vəziyyətinə mənfi təsir edən başlıca antropogen amillərdən biri də oksigen sərfinin artmasıdır. Qeyd olunub ki, bu kimi problemlərin aradan qaldırılması istiqamətində birgə tədbirlər planı hazırlanmalıdır.
Dünyanın bir sıra ölkələrinin elm adamlarını bir araya gətirən konfrans gələcəkdə dövlətlər arasında əlaqələrin genişlənməsi və möhkəmlənməsi baxımından əhəmiyyətlidir.