ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Obuda Universitetinin fəxri professoru seçilib
Budapeşt, 16 iyun, AZƏRTAC
Budapeştin Obuda Universitetində fəxri professor adının verilməsi ilə bağlı tədbir keçirilib. Bu universitet hər il Macarıstana dünyanın müxtəlif ölkələrindən iki professor dəvət edir və onları bu ada layiq görür.
2017-ci ildə Obuda Universitetinin bu ali mükafatına Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Şahnaz Şahbazova layiq görülüb.
Tədbirdə Macarıstanın elmi ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Obuda Universitetinin rektoru, professor Mixay Reqer fəxri professor diplomunu Ş.Şahbazovaya təqdim edib.
Azərbaycanlı alim ingilis dilində öz elmi fəaliyyəti barədə məlumat verib. O, tanınmış azərbaycanlı alim, professor Lütfi Zadədən danışıb, onunla birgə çalışdığını qürurla vurğulayıb. Bundan əlavə Ş.Şahbazova öz elmi istiqamətlərindən – qeyri-səlis çoxluqlar, genetik alqoritmlər, süni intellekt sistemləri və neyron şəbəkəsindən bəhs etdi.
Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev, səfirliyin əməkdaşları iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt