ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının fəxri diplomu ilə təltif edilib
Bakı, 3 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin insan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev Moskvada Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik T.Xabriyevanın iştirakı ilə keçirilən tədbirdə 2002-ci ildən Beynəlxalq Hüquq Assosiasiyasının işində səmərəli iştirakına, beynəlxalq hüquq və insan hüquqları sahəsində elmi və praktiki baxımdan mühüm əhəmiyyət kəsb edən elmi nailiyyətlərinə və əsərlərinə, eləcə də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında elmi əlaqələrin möhkəmləndirilməsi və inkişafı sahəsində xidmətlərinə görə Rusiya Elmlər Akademiyası və Rusiya Beynəlxalq Hüquq Assosiasiyası tərəfindən fəxri diplomla təltif edilib. O, müxtəlif ölkələrdən olan yüzlərlə hüquqşünas-alim arasında belə yüksək mükafata layiq görülən yeganə alim olub.
Zaur Əliyev, həmçinin Moskva şəhərində üzvü olduğu Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının 60-cı yubiley konfransında iştirak edib. O, bu Assosiasiyaya 2002-ci ildə üzv seçilib.
Beynəlxalq hüquq və insan hüquqları sahəsində elmi tədqiqatları nəzərə alınaraq adı Sankt-Peterburq Dövlət Universitetinin Kazan Dövlət Universiteti ilə birgə hazırladığı beynəlxalq hüquq üzrə biblioqrafiyaya daxil edilən hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.