ELM VƏ TEXNOLOGİYA


Azərbaycanlı alim Yaponiya Maye Kristal Cəmiyyətinin xüsusi mükafatına layiq görülüb

A+ A

Tokio, 9 sentyabr, AZƏRTAC

Maye Kristal Displey (LCD) texnologiyaları sahəsində uğurlu tədqiqatları ilə tanınmış azərbaycanlı alim Xəlil bəy Kələntər Yaponiya Maye Kristal Cəmiyyətinin (JLCS) xüsusi “Texnoloji İnkişaf Mükafatı”na layiq görülüb.

Həmin mükafat həmyerlimizə sentyabrın 6-8-də Cəmiyyətin Osaka şəhərində təşkil edilən Beynəlxalq Maye Kristal Texnologiyaları Konfransında təqdim edilib.

Əvvəlcə Xəlil bəy Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlarla bağlı təqdimatla çıxış edib.

JLCS-nin prezidenti Hiroşi Şimizu bildirib ki, apardığı araşdırmalarla yalnız Yaponiyada deyil, eyni zamanda, Amerika və Avropada da yaxşı tanınan Xəlil bəy Kələntərin tədqiqatları əsasən fəza ikiölçülü optik koherent təsvirlərin pilləli optik-liflərdə və addımlı optik-liflərdə ötürülməsi, opto-eletronik sensorlar və ölçü cihazları, optik-makrostrukturlu funksional cihazlar və displey optikası məsələlərinə həsr olunub. 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır.

Bundan əlavə, X.Kələntər elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, 130-dan artıq elmi məqalənin müəllifidir. Məişətimizə geniş daxil olan LCD televizor, kompyuter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı olan X.Kələntər dünyanın məşhur universitetlərində bu mövzuda mühazirələrlə çıxış edib.

LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü seçilib, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür. X.Kələntər hazırda “Global Optical Solutions” şirkətinin və CEREBA-nın (Yeni Nəsil Kimyəvi Materialların Araşdırılması Elmi-Tədqiqat İnstitutu) baş tədqiqatçısıdır. Bundan əlavə, Xəlil bəy “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin də üzvüdür.

Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. LCD texnologiyaları üzrə yapon dilində üç kitabın müəllifi, altı kitabın isə həmmüəllifidir. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimi tanınır. Həmin sahədə apardığı geniş tədqiqatlara görə Xəlil bəy Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.

H.Şimizu əlavə edib ki, X.Kələntər həmin uğurlarına görə Cəmiyyətin xüsusi “Texnoloji İnkişaf Mükafatı”na layiq görülüb. Mükafat və müşayiətedici sənəd həmyerlimizə təqdim olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.