ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib
Bakı, 5 may, AZƏRTAC
Mərakeş Krallığının Beni-Mellal şəhərində XI Ədədi Analiz və Optimallaşdırma üzrə beynəlxalq konfrans keçirilib. Konfransda ölkəmizi Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev təmsil edib.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, konfransın elm komitəsinin üzvü olan akademik F.Əliyev plenar iclasda “Dinamik sistemlərin parametrlərinin təyini üçün identifikasiya metodları və tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müxtəlif dinamik sistemlərin parametrlərinin təyini ilə bağlı identifikasiya məsələləri öyrənilib və onların həlli üçün yeni səmərəli həll üsulları təklif olunub. Alınmış nəticələr qazlift quyularında hidravlik müqavimət əmsalının təyin olunması məsələsinə tətbiq edilir.
Konfransda dünyanın tanınmış alimləri - A.Larhimi, A.Cəfəri, A.Nachaoui, M.Quafafou (Fransa), H.Riahi (Mərakeş Krallığı), T.Tadumadze (Gürcüstan) və digərləri məruzələrlə çıxış ediblər. Mərakeş Tətbiqi Riyaziyyat Elmi Cəmiyyətinin sədri K.Nəcib Azərbaycanda aparılan tədqiqat işləri ilə maraqlanıb və əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib. Azərbaycanda nəşr edilən, Thomson Reuters siyahısında olan jurnalların iş təcrübəsi konfrans iştirakçılarının marağına səbəb olub və bu təcrübədən faydalanmaq üçün əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.