ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov Moskvada “Coğrafiya və geoekologiya, elm, praktika və təhsilin problemləri” mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, dünyanın bir çox ölkələrindən elm və təhsil işçilərinin iştirak etdikləri beynəlxalq tədbirdə P.Muradov “Xəzər dənizinin rekreasiya zonasının ekologigiyenik və mikrobioloji xarakteristikası və onu sağlamlaşdıran yollar” mövzusunda məruzə ilə çıxış edib.
Xəzər dənizi və Abşeron yarımadasının mikrobioloji xarakteristikası barədə məlumat verən azərbaycanlı alim gələcəkdə sahil zolağının ekoloji cəhətdən yaxşılasdırılması ilə bağlı əldə edilən nəticələrin praktik əhəmiyyətini əsaslandırıb, digər ölkələrin ərazilərində olan sahələrin qorunub saxlanması yolunda Xəzəryanı ölkələrin birlikdə elmi-praktik tədqiqatların aparılmasının vacibliyini nəzərə çatdırıb.
Tədbirdə səsləndirilən fikirlər, elm adamlarının bir araya gəlməsi gələcəkdə ölkələr arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.