ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konfransda ustad dərsi keçib
Bakı, 27 mart, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində “İnnovasiyalar magiyası: linqvistika və linqvodidaktika” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, 22 ölkədən üç yüzdən çox alimin qatıldığı konfransda ölkəmizi professor Rəhilə Qeybullayeva təmsil edib.
Konfransın linqvistik vahidlər dərketmə funksiyasına həsr olunan bölməsində azərbaycanlı alim “Tərcümə metodları: stereotip-arxetip-prototip nəzəriyyəsi əsasında” mövzusunda ustad dərsi keçib.
R.Qeybullayeva mühazirəsində sözün neçəsinin tərcüməsinə onların bioqrafiyası prizmasından nəzər salmaqla, tərcümə mərhələlərini üçpilləli sterotip-arxetip-prototip nəzəriyyəsi əsasında bölməklə nümunələr təqdim edib, həmkarları ilə müzakirələr aparıb. Qeyd edilib ki, simvola çevrilmiş sözlər mənalarının eyni ziddiyyətli formalara qədər ayrılması, bununla bağlı sualların cavabı daha qədim keçmişə müraciət etmək, əvvəlki tərcümələrinin, məna çalarlarının, sakral içənək probleminə müraciət etmək zərurəti doğurur. Həmin sakral içənəklər, onlara müvafiq sözlərlə birlikdə başqa mədəniyyətlərə miqrasiya etməklə, zaman-zaman yeni çalarla dəyişir və müəyyən vaxtdan sonra yeni semiotik vahidə çevrilir.