ELM VƏ TƏHSİL
Azərbaycanlı alim xarici jurnalın rəyçi sertifikatına layiq görülüb
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev uzun illərdir ki, kompüter elmləri sahəsində nüfuzlu jurnallarla əməkdaşlıq edir. Alim data mining, Big Data, elmmetriya və digər sahələrdə əldə etdiyi yeniliklərin nəşri ilə yanaşı, beynəlxalq jurnallara təqdim olunmuş məqalələrin resenziya prosesində də fəal iştirak edir.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu yaxınlarda R.Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Applied Mathematical Modelling” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.
“Elseiver” elmi bazasına daxil olan yüksək impakt faktorlu “Applied Mathematical Modelling” dərgisi mühəndislik və ətraf mühit proseslərinin, o cümlədən sənaye sistemlərinin riyazi modelləşdirilməsi sahəsində dünyanın aparıcı jurnallarındandır.