ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin Türkiyədə hidropolitikaya dair kitabı nəşr olunub
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərviz Səmədovun “Hazar denizi hidropolitiği; Türkiye-Azerbaycan-Gürcistan ilişkileri” kitabı çapdan çıxıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Türkiyənin tanınmış və nüfuzlu mətbəəsi olan “Doğu Kütüphanesi”ndə nəşr edilən kitab beş bölüm və 280 səhifədən ibarətdir. Ermənilər tərəfindən soyqırıma məruz qalan şəhidlərimizin xatirəsinə ithaf olunan dərsliyin həmmüəllifi Türkiyənin hidropolitika üzrə ali mütəxəssisi Abdulla Yücəl Kuruçimdir. Kitabın ərsəyə gəlməsində Türkiyənin Hacəttəpə Universitetinin Beynəlxalq Münasibətlər və Hidropolitik Stratejik Araşdırmalar İnstitutunun qurucusu, mərhum professor Ali İhsan Bağışın da məsləhətləri nəzərə alınıb.
Beynəlxalq münasibətlərin yeni bir sahəsi olan hidropolitika Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin araşdırılmasında elmi və strateji baxımdan böyük əhəmiyyətə malikdir. Kitabda Xəzər dənizinin hüquqi statusu və Coruh hövzəsinin hidropolitikasından başlayaraq hər üç ölkə arasında inkişaf edən əlaqələrdən bəhs olunur. Yeni nəşrdə Xəzər dənizinin hüquqi statusunda ayrı-ayrı dövlətlərin mövqeyi araşdırılıb və siyasi mövqeləri təhlil edilib.