QAN YADDAŞI
Azərbaycanlı alimin “Xocalı soyqırımı” kitabı macar dilində nəşr olunub
Budapeşt, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25 illiyi münasibətilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən tarix elmləri doktoru Havva Məmmədovanın “Xocalı soyqırımı” kitabı macar dilində çap olunub.
İndiyə qədər bir sıra dillərə tərcümə olunan bu əsər 1992-ci ilin fevral ayında tarixi Azərbaycan şəhərində yaşanan insanlıq dramının bütün dəhşətlərini əks etdirir. Kitaba Xocalı qurbanlarının tam siyahısı və erməni vəhşiliyini göstərən çoxsaylı illüstrativ material əlavə olunub.
Səfir Vilayət Quliyevin yazdığı əhatəli müqəddimədə Xocalı soyqırımının müasir Ermənistan rəhbərliyinin yalnız Azərbaycan xalqı deyil, insanlıq və müasir sivilizasiya qarşısında, bəşəri dəyərlər qarşısında məsuliyyət və cavabdehlik məsələsi qaldırılır.
Bir sıra macar saytları artıq kitabdan Xocalı soyqırımı şahidlərinin və xarici media nümayəndələrinin şahid ifadələrini öz səhifələrində yerləşdiriblər. Əsərin macar dilində nəşri haqqında ölkənin aparıcı mətbuat orqanlarından olan “Madyar Hirlap” qəzetində ayrıca məlumat verilib.
Kitabın bütün tirajının Macarıstan Parlamentinin üzvləri, mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kitabxanalar və ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər arasında yayılması nəzərdə tutulur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt