ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi maraqla qarşılanıb
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beynəlxalq əlaqələr və komparativistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli Hindistanda elmi ezamiyyətdə olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim Guvahati Universitetində keçirilən “Ölməz sufi şairlərinin - Sədi, Hafiz, Xəyyam və Mövlananın müdriklik və düşüncələrinin XXI əsrdə aktuallığı” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
Tədbirdə Ş.Əlibəylinin “Mövlana şeirində təzad daşıyan irfani istilahların poetik dialektikası” mövzusunda məruzəsi maraqla qarşılanıb. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. AMEA ilə birgə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılması barədə təkliflər irəli sürülüb.
Konfransda Azərbaycan ilə yanaşı, Rusiya, İran, Pakistan, Banqladeşdən də alimlər iştirak ediblər.