CƏMİYYƏT


Azərbaycanlı alimin kitabı Moskvada çap edilib

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC 

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının iki hissədən ibarət “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003)” kitabı Rusiya Mədəniyyət Fondunun “İnsan” nəşriyyatında rus dilində çap edilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikasının diplomatiya tarixi” seriyasından hazırlanan bu əsər 1991-2003-cü illər xarici siyasət tariximizi əhatə edir. Monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin, ATƏT-in arxivlərinin, Vyanada BMT-nin və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kitabxanalarının materialları əsasında diplomatiyamızın keçdiyi yol tədqiq edilir.

Əsərin birinci hissəsində dağılma ərəfəsində olan SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, ölkəmizin dövlət müstəqilliyinin bərpası, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyası qarşısında duran vəzifələr, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində diplomatiyamızın mövqeyi və qonşu ölkələr ilə münasibətlər araşdırılır.

Nəşrin ikinci hissəsində isə Azərbaycanın Avropa, Asiya, Afrika ölkələri, eləcə də ABŞ ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətdə iqtisadiyyat amilinin rolu və digər məsələlər tədqiq edilir.

Diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan əsər Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dəyərli töhfədir.

Əvvəlcə Bakıda Azərbaycan dilində nəşr edilən kitabın baş redaktoru xarici işlər naziri Elmar Məmmədyarov, redaksiya şurasının üzvləri isə nazir müavinləri Hafiz Paşayev, Araz Əzimov, Nadir Hüseynov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, nazirliyin əməkdaşları Cavanşir Məmmədov və mərhum Cavanşir Vəkilovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.