ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin növbəti beynəlxalq uğuru
Bakı, 3 mart, AZƏRTAC
Həmyerlimiz, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Şahmurov xeyli müddətdir ki, Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Qardaş ölkədə olduğu müddətdə o, həm beynəlxalq elm aləmində, həm də Türkiyənin özündə məşğul olduğu elm sahəsində böyük uğurlar qazanıb. Professor V.Şahmurov 10-dan artıq layihənin, 6 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. O, həmçinin ABŞ-da dərc olunan “Boundary Value Problems” və “Mathematics and statistics” SCİ (A-kateqoriyalı) jurnallarının redaktorudur.
V.Şahmurov 1979-cu ildə elmlər namizədi, 1987-ci ildə isə keçmiş SSRİ Elmlər Akademiyasının V.Steklov adına Riyaziyyat İnstitutunda müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. O, Azərbaycan riyaziyyat elmi tarixində V.Steklov adına Riyaziyyat İnstitutunda indiyədək doktorluq dissertasiyası müdafiə edən 5 alimimizdən biridir.
V.Şahmurov 1987-ci ildən 1994-cü ilədək BDU-da professor, Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm və Təhsil İdarəsinin rəisi vəzifələrində işləyib. 1994-2007-ci illərdə Türkiyənin müxtəlif ali təhsil müəssisələrində çalışıb, 2007-ci ildən isə Türkiyənin ən gənc və dinamik universitetlərindən olan, “İş həyatına ən yaxın Universitet” devizi ilə fəaliyyət göstərən İstanbul Okan Universitetində professor olaraq elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Onu da vurğulamaq lazımdır ki, həmyerlimiz 2012-ci ildə qardaş ölkədə “İlin elm adamı” seçilib. Həmçinin keyfiyyətli və məhsuldar elmi fəaliyyətinə görə universitet rəhbərliyi və Türkiyənin ali təhsil qurumu (TUBİTAK) tərəfindən bir çox mükafatlarla təltif olunub. Bu günlərdə isə daha bir yeni xəbər aldıq: Okan Universitetinin mühəndislik fakültəsinin professoru Vəli Şahmurov riyaziyyat elmi sahəsində önəmli olan üçüncü beynəlxalq Amerika jurnalının redaktoru seçilib.
ABŞ-da nəşr olunan — “Journal of Abstract Differential Equations and Applications” (JADEA) jurnalı abstrakt diferensial tənliklərə və onun tətbiqlərinin bütün sahələrinə həsr olunan üstün səviyyəli elmi məqalələr jurnalıdır. Yüksək SCİ əmsalı olan JADEA jurnalında abstrakt diferensial tənliklər; xüsusi törəməli diferensial tənliklər; dinamik sistemlər və onların tətbiqləri; funksional diferensial tənliklər; diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi və s. mövzularda məqalələr çap olunur.
Azərbaycanlı alimin belə bir önəmli jurnala redaktor seçilməsi, oradakı obyektiv fəaliyyəti, elmi qətiyyəti ilə iki qardaş ölkənin riyaziyyat elminin beynəlxalq arenada daha yaxşı tanınmasında xüsusilə faydalı olacaq.