ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər İsveçdə beynəlxalq konqresdə iştirak ediblər
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü Surxay Əkbərov İsveçin paytaxtı Stokholmda Avropa Müasir Materialları Konqresində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “VBRI Press Events” tərəfindən təşkil olunmuş tədbirin Dünya Texnologiya Forumuna H.Quliyev həmsədrlik edib.
Dünyanın 67 ölkəsindən alimlərin qatıldığı konqresin açılışında bir sıra aparıcı tədqiqatçılar Avropa Müasir Materialları Assosiasiyasının medalları ilə təltif olunub. S.Əkbərov da müasir materiallar sahəsində elmi və texnoloji tədqiqatlardakı uğurlarına görə medalla təltif olunub, həmçinin konqresin “Nanobiomaterial” bölməsinin iclasında “Üç laylı içi boş və dolu sferanın məxsusi rəqslərinin 3-ölçülü təhlili” mövzusunda elmi məruzə ilə çıxış edib. H.Quliyev və türkiyəli alim Nazmiye Yahnioğlunun həmmüəllifliyi ilə hazırlanan məruzə mütəxəssislər tərəfindən dəstəklənib və iştirakçıların böyük marağına səbəb olub.
Tədbirin yekun iclasında 1978-ci ildə biomaterial üzrə Nobel mükafatına layiq görülmüş, Nobel Komitəsinin beş üzvündən biri, isveçli alim İngemar Lundström çıxış edərək, müasir materiallar sahəsində aparılan intensiv tədqiqatlardan və mühüm yeniliklərdən danışıb.
Tədbir çərçivəsində H.Quliyev və S.Əkbərov dünyanın bir sıra görkəmli alimləri ilə perspektiv tədqiqatlar barədə fikirlərini bölüşüb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.