ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinə həsr olunan beynəlxalq konfransda
Bakı, 27 may, Pərvanə İmanova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxtəlif institutlarının alimləri Türkiyədə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi, Çanaqqala Onsəkkiz Mart Universiteti və Monash Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “100 ilində Çanaqqala savaşları” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, 20-dək dövlətin nümayəndələrinin qatıldığı konfransın açılış mərasimində AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək Çanaqqala zəfərinin tarixi əhəmiyyətindən danışıb.
Konfransda institutun digər əməkdaşları, professor Tofiq Mustafazadənin “Çanaqqala əməliyyatı və Rusiyanın tutumu”, tarix üzrə fəlsəfə doktoru Fəridə Əliyevanın “Çanaqqala savaşları zamanın Rusiya mətbuatında və Azərbaycanın rusdilli qəzetlərində” mövzularında məruzələri dinlənilib.
Tədbirdə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov "Çanaqqala savaşları Azərbaycan mətbuatında”, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədova “Azərbaycan poeziyasında Çanaqqala savaşı və Mustafa Kamal Atatürkün obrazı”, professor Maarifə Hacıyeva “Çanaqqala savaşlarının Azərbaycan ədəbiyyatında bədii əksi", filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu "Naxçıvanda Çanaqqala əfsanəsi” mövzularında məruzələrlə çıxış ediblər.