ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər amerikalı həmkarları ilə əməkdaşlıq edəcəklər
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və AMEA-nın bir qrup əməkdaşı elmin təbliği istiqamətində görülən işlərlə tanışlıq, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi yollarını müzakirə etmək məqsədilə ABŞ-da səfərdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində akademiyanın əməkdaşları ABŞ Dövlət Departamentinin rəsmisi, proqram rəhbəri Tatyana Rodzianko, Nyu-York Alimlər Evinin nümayəndəsi Stefen Uzzo, Amerika Milli Təbiət Tarixi Muzeyinin direktoru Anna Devin, Dünya Elm Festivalının prezidenti Cudit Coks, Nyu-York Dövlət Elm və Mühəndislik Mərkəzinin prezidenti Sereme Makkal ilə görüşlər keçiriblər. Görüşlərdə elmin təbliği, gənclərin elmə marağının artırılması istiqamətində görülən işlər barədə təcrübə mübadiləsi aparılıb, gələcəkdə əməkdaşlığın inkişafı ilə bağlı razılıq əldə olunub.
AMEA-nın nümayəndələri, eyni zamanda, Klivlend şəhərində də olublar. Səfər çərçivəsində Klivlend Dövlət Universitetinin rektoru, professor Debbi Cekson, Klivlend Təbiət Tarixi Muzeyi sərgilərinin müdiri Co Alpern, Böyük Göllər Elmlər Mərkəzinin vitse-prezidenti Valensiya Davillier, Botanika bağının professoru Sandra Albro və Qərb Ehtiyatlar Universitetinin nümayəndəsi Cim Baderlə görüşlər keçirilib.
Akademiyanın əməkdaşları Florida Dövlət Universitetində, Mayami Universitetində, Koral-Geybls Muzeyində, Kəşflər və Elm Muzeyində də olublar.
Görüşlərdə N.Quliyeva AMEA Alimlər Evinin fəaliyyət istiqamətinə uyğun reallaşdırılan layihələr, sərgilər barədə məlumat verib. Bildirilib ki, rəhbərlik etdiyi qurum mütəmadi olaraq tanınmış ictimai və dövlət xadimləri ilə görüşlər keçirir, alimlərin elmi, ictimai, ölkə daxili və beynəlxalq həyatda baş verən hadisələrin müzakirəsi və informasiya mübadiləsi aparmaları üçün şərait yaradır.