ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər çinli həmkarları ilə əməkdaşlıq edəcəklər
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. ÇİEA ilə AMEA arasında elmi əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili məqsədilə əməkdaşıq müqaviləsi imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu qurumun prezidenti, akademik Akif Əlizadə respublikada elmin inkişafı istiqamətində aparılan islahatlardan danışıb. Bildirilib ki, AMEA-da son zamanlar elmin prioritet istiqamətlərində araşdırmalar daha geniş vüsət alıb. İki ölkə arasında müxtəlif sahələrdə qurulmuş əməkdaşlıqdan söz açan alim bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Akademik A.Əlizadə AMEA-nın İctimai Elmlər Bölməsinin ÇİEA-nın müvafiq qurumları ilə birgə maraqlı layihələr həyata keçirəcəyinə və mühüm elmi nəticələrin əldə olunacağına əminliyini bildirib. Bu yaxınlarda Moskvada səfərdə olduğunu və Rusiya Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlıq müqaviləsinin imzalandığını söyləyən akademik A.Əlizadə ÇİEA-nı bu əməkdaşlıqda iştirak etməyə dəvət edib.
Tsay Fan bildirib ki, Çin hökuməti hər zaman ictimai elmlər sahəsinin inkişafına böyük diqqət göstərib. AMEA-da bu sahədə aparılan araşdırmaları yüksək dəyərləndirən qonaq təmsil etdiyi elm ocağı ilə AMEA arasında əlaqələrin qurulmasında maraqlı olduğunu söyləyib. O, əməkdaşlıq çərçivəsində müvafiq elm sahələrində birgə layihələrin həyata keçirilməsi, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iki ölkənin elmi qurumları arasında tarix, ədəbiyyat, iqtisadiyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərindən danışıb. Qeyd olunub ki, hər iki ölkə alimləri ictimai elmlər sahəsində bilik və təcrübə mübadiləsinin aparılmasında fəal iştirak etməlidirlər.