ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin məqaləsi Beynəlxalq Təhsil Salonunda
Bakı, 26 may, AZƏRTAC
2014-2016-cı illərdə A.Qarayev adına Fiziologiya İnstitutunda həyata keçirilən “Uzunömürlüyün fizioloji və molekulyar genetik əsaslarının işlənməsi” tədqiqat proqramının nəticələri bir sıra elmi nəşrlərdə dərc edilib. İnstitutun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovanın, tibb elmləri doktoru Ə.Allahverdiyevin və tibb üzrə fəlsəfə doktoru A.Allahverdiyevanın müəllifi olduqları “Azərbaycanın cənub zonası uzunömürlülərində gecə yuxusunun struktur xüsusiyyətləri” məqaləsi “Tətbiqi və fundamental tədqiqatlar üzrə beynəlxalq jurnal”da dərc edilib və mütəxəssislər arasında böyük marağa səbəb olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, yüksək aktuallığı nəzərə alınaraq, məqalə Rusiya Təbiət Elmləri Akademiyasının rəyasət heyəti tərəfindən seçilib. Moskvada keçirilən Beynəlxalq Təhsil Salonunda məqalənin təqdimatı və müzakirəsi olub. Elmi tədqiqat işində Azərbaycanın Lənkəran rayonunda yaşayan uzunömürlü və ahıl yaşlı sakinlərdə gecə yuxusunun strukturu öyrənilib. Qeyd edək ki, tədbir Rusiya Hökumətinin sərəncamı ilə Təhsil və Elm Nazirliyi tərəfindən keçirilib.