ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin məqaləsi “Science Publishing Group” elmi bazasının jurnalında dərc edilib
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın həmmüəlifi olduqları “Elektron tibdə biometrik texnologiyaların tətbiqi məsələləri” sərlövhəli məqalə “Science Publishing Group” elmi bazasına daxil olan “Advances in Bioscience and Bioengineering” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə biometrik texnologiyaların elektron tibdə tətbiqi, istifadə imkanları və perspektivləri təhlil edilib, onların üstün cəhətləri qeyd olunub. Biometrik texnologiyalardan istifadə etməklə səhiyyədə tibbi xidmətin etibarlılığının yüksəldilməsi yolları göstərilib. Həmçinin insan cəsədinin kəlləsi və başının sağ ikən çəkilmiş fotoşəklinə əsasən identifikasiya olunması məsələlərinə toxunulub.
Qeyd edək ki, Advances in Bioscience and Bioengineering” jurnalı “WorldCat”, “Cross ref”, “Universal İmpact Factor”, “AcademicKeys”, “JournalSeek” və digər beynəlxalq elmi bazalarda indeksləşir.