ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin məqaləsi top siyahıda yenidən birinci yeri tutub
Bakı, 11 iyul, AZƏRTAC
Akademiklər Cəlal Əliyev, İradə Hüseynova və biologiya üzrə fəlsəfə doktoru N.Sultanova tərəfindən 2014-cü ildə “Plant Physioliology and Biochemistry” (PPB) jurnalında dərc edilmiş “ROS histokimyəvi vizualizasiyası və Azərbaycanda yetişdirilən tərəvəz bitkilərinin virus infeksiyalarına qarşı antioksidant reaksiya” sərlövhəli məqalə bu sahə üzrə çap olunan 20 top məqalə siyahısında yenidən birinci yeri tutub. Bununla bağlı “Mənim domenimdə kim çap olunur” xidmətinin təmsilçisi Mayk Qreubdan məlumat daxil olub.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, meyvə ağaclarını və tərəvəz bitkilərini yoluxduran virus xəstəliklərinin öyrənilməsinə ilk dəfə Azərbaycanda 2007-ci ildən etibarən akademik Cəlal Əliyevin rəhbərliyi altında başlanılıb. Bir sıra RNT və DNT tərkibli viruslar aşkarlanıb, onların molekulyar diaqnostikası həyata keçirilib, növ səviyyəsində taksonomik identifikasiyası və molekulyar səviyyədə tam identifikasiyası aparılıb, patogenlərlə yoluxmuş bitkilərin biokimyəvi, fizioloji və biofiziki parametrləri təyin edilib. Alınan nəticələrin çoxu dünya elmi üçün tamamilə yenidir.
“PPB” jurnalı “Elsevier” nəşriyyatında çap olunur və 2.928 impakt faktora malikdir. Azərbaycanlı alimlərin məqaləsi virus patogenezi zamanı bitkilərdə yaranan sərbəst radikalların öyrənilməsinə və onların aradan qaldırılmasında antioksidant müdafiə sistemlərinin rolunun tədqiqinə həsr olunub və bu istiqamətdə mühüm nəticələr əldə edilib. Dünya səviyyəsində bitki–virus qarşılıqlı əlaqəsi zamanı bitkilərdə struktur-funksional dəyişikliklərin öyrənilməsi üzrə tədqiqatlar çox azdır.
Nüfuzlu Publ.med portalına düşən “PPB” jurnalı Avropa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının və Fransa Bitki Bioloqları Cəmiyyətinin rəsmi nəşridir. Jurnalda molekulyar səviyyədən başlayaraq bütöv bitki və ekosistemlərədək bitkilərin biokimyası, fiziologiyası, quruluşu, bitki-mikrob əlaqələri haqqında nəzəri, eksperimental və texniki nəticələr dərc olunur.