ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlərin yeni dərman maddələrinin İtaliyada klinik sınaqları aparılacaq

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutu (AKİ) respublikanın əczaçılıq sənayesinin inkişafı məqsədilə dünyanın aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara başlayıb.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev AZƏRTAC-a bildirib ki, hazırda İtaliyanın Florensiya, Türkiyənin Atatürk, Səudiyyə Ərəbistanının Kral Səud universitetlərinin alimləri ilə birgə “Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” adlı tədqiqatlar aparılır.

V.Fərzəliyev deyib: “AKİ-də maddələr sintez edildikdən sonra Türkiyə və İtaliyaya göndərilir. Orada mərhələli şəkildə həmin maddələrin antioksidant və fermentativ təsirləri araşdırılır. Analizlərin ilkin nəticələri müsbətdir. Aldığımız maddələr bədxassəli şişlərə səbəb olan neqativ proseslərə yüksək inhibitor təsir göstərir. Belə ki, bu maddələr qeyd olunan xəstəliklərdə standart dərman kimi tətbiq olunan tokoferol və alfa-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir”.

Nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün AKİ-nin alimləri ilə birgə tədqiqatlar həyata keçiriləcək, yeni dərman maddələrinin klinik sınaqları aparılacaq.

Qeyd edək ki, artıq AKİ-nin alimləri AMEA və İMTŞ arasında imzalanmış elmi əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş müsabiqəyə layihə təklifi göndərib. Layihə reallaşarsa, Azərbaycan elmində böyük ilkə imza atılmış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.