ELM VƏ TƏHSİL
Azərbaycanlı arxeoloqlar Qlazqoda
Bakı, 3 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Qlazqo şəhərində Avropa Arxeoloqları Assosiasiyasının 21-ci illik toplantısı keçirilir. Toplantıda dünyanın müxtəlif ölkələrindən 1800-dən çox arxeoloq iştirak edir.
Dünya arxeoloqlarının mötəbər tədbirlərindən olan toplantıda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Mikayıl Mustafayev, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli təmsil edirlər.
“MİRAS” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 2-də Qlazqonun City Halls mədəniyyət mərkəzində toplantının rəsmi açılış mərasimi olub. Daha sonra iştirakçılar Qlazqo Elm Mərkəzi ilə tanış olub, orada təşkil edilən ziyafətə qatılıblar.
Sentyabrın 3-dən 5-dək toplantı bölmə iclasları ilə davam edəcəkdir. Bölmə iclaslarında azərbaycanlı arxeoloqların da məruzə və çıxışları nəzərdə tutulur.
Avropa Arxeoloqları Assosiasiyasının 21-ci illik toplantısı sentyabrın 5-də başa çatacaq.