ELM VƏ TƏHSİL
Azərbaycanlı arxeoloqlar yaponiyalı həmkarları ilə müştərək elmi tədqiqatlar aparırlar
Bakı, 8 fevral, AZƏRTAC
Tokio Universitetinin Bakıya elmi ezamiyyətə gəlmiş professoru Yoşihiro Nişiaki və Tokio Qədim Şərq Muzeyinin mütəxəssisi Kazuya Şimoqama Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar. Yaponiyalı alimlər institutun Elmi Ekspozisiya Muzeyində və Arxeoloji Fondunda azərbaycanlı həmkarları ilə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib, ən qədim dövrlərə aid mühüm arxeoloji tapıntıların bir hissəsinə baxış keçirilib.
Qeyd edək ki, 2009-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Tokio Universiteti və bu ali məktəbin muzey departamenti ilə müştərək elmi tədqiqatların aparılması haqqında əməkdaşlıq memorandumu imzalayıb.
Cari ilin mayında Tokio Universiteti və onun muzey departamentində Göytəpə neolit yaşayış məskənində aparılan arxeoloji qazıntılara həsr olunan sərginin təşkili nəzərdə tutulub. Tədbir çərçivəsində Azərbaycan və Yaponiya arxeoloqlarının Tovuz bölgəsində yeddi il ərzində apardıqları arxeoloji tədqiqatların son nəticələri ilə bağlı elmi seminar keçiriləcək.
2016-cı ildən iki ölkə arxeoloqların müştərək tədqiqatlarının yeni istiqamətlər üzrə davam etdiriləcəyi gözlənilir. Bu il Qazax rayonu ərazisindəki Aveydağ və ətraf ərazilərdə yerləşən paleolit dövrünə aid abidələrdə ilk insanın məskunlaşma tarixini müəyyənləşdirmək üçün əsaslı arxeoloji tədqiqatlara başlanması nəzərdə tutulub.