MƏDƏNİYYƏT
Azərbaycanlı bəstəkar Macarıstanda mükafat qazanıb
Oktyabrın 27-dən başlayaraq Macarıstanın Balatonfüred şəhərində 3 günlük “Qızıl Payız” Beynəlxalq Musiqi Festivalı keçirilib. Tədbirdə 10-dan artıq ölkənin təmsilçiləri iştirak edib. Ümumilikdə 80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə təşkil olunub.
Bəstəkarlar arasında keçirilən müsabiqədə ölkəmizi təmsil edən gənc bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədliyə festivalın Qran-pri mükafatı təqdim edilib. Mükafata layiq görülən “Tünd rənglərin parıltısı” əsərini fortepianoda T.Məmmədli, skripkada isə Məleykə Əhədzadə ifa edib.
Digər bir təmsilçimiz, pianoçuların müsabiqəsində iştirak edən Səbinə Mehdiyeva isə fəxri kürsünün yüksək pilləsinə qalxaraq birinci yerə layiq görülüb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt