MƏDƏNİYYƏT
Azərbaycanlı bəstəkarın əsəri Beynəlxalq Aktual Musiqi Festivalında səsləndiriləcək
Bakı, 3 avqust, AZƏRTAC
Noyabrın 2-dən 6-dək Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında “Başqa məkan” (“Druqoye prostranstvo”) V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək. Noyabrın 5-də festivalda Azərbaycan Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin “1791” serenadası səsləndiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Fərəc Qarayevin, habelə Moskva Filarmoniyasının rəsmi saytlarında yer alıb.
Festivalda “1791” serenadası Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən təqdim ediləcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir.
Fərəc Qarayevin 1983-cü ildə yazdığı “1791” serenadası ondan bir il əvvəl böyük simfonik orkestr üçün bəstələdiyi “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadasının variantıdır. Musiqi tarixi ilə bağlılıq, klassisizm ənənələri Fərəc Qarayev əsərlərində mühüm yer tutur. Bəstəkar üçün təkcə musiqi tarixinin çoxyaruslu olmasını göstərmək deyil, həm də onda özünə yaxın və qiymətli olanı üzə çıxarmaq vacibdir. “1791” serenadasının premyerası 1984-cü il martın 19-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) böyük zalında keçirilib. O zaman əsər Rauf Abdullayevin dirijorluğu ilə konservatoriyanın opera studiyasının kamera orkestri tərəfindən təqdim edilib.