MƏDƏNİYYƏT
Azərbaycanlı bilicilər Batumidə keçirilən IV Qara Dəniz Açıq Kubokunda fəxri kürsünün hamısını tutublar
Bakı, 4 avqust, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində intellektual oyunlar üzrə IV Qara Dəniz Açıq Kuboku keçirilib. Çempionatda 50-dən çox komanda, o cümlədən Moskvanın “Nə? Harada? Nə vaxt?” elitar klubunun məşhur biliciləri, “Büllur Bayquş” mükafatının sahibləri iştirak ediblər.
Azərbaycan İntellektual Klublar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, IV Qara Dəniz Açıq Kubokunun əsas yarışında – “Nə? Harada? Nə vaxt?” oyununda Azərbaycan biliciləri fəxri kürsünün bütün pillələrini tutublar.
“İçərişəhər” Bakı İntellektual Oyunlar klubunu təmsil edən Nigar İbrahimovanın komandası qalib gəlib. “İçərişəhər” İntellektual Oyunlar Klubunu təmsil edən Balaş Qasımovun komandası gümüş, Faiq Hüseynovun komandası bürünc medal qazanıb.
“Breyn-rinq” üzrə yarışlarda gümüş medalı “Bakı mirvarisi” komandası (kapitanı Ayan Bəşirzadə, “İçərişəhər” klubu) əldə edib.
“Öz oyunun” üzrə yarışda birinci yeri Nigar İbrahimovanın komandasında çıxış edən Aleksandr Korobeynikov tutub.