ELM VƏ TƏHSİL
Azərbaycanlı bioloqun məruzəsi Türkiyədə maraqla dinlənilib
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov Türkiyədə elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət zamanı alim Ankara şəhərində 2014-TURAGRIC-065 “COMCEC üzvü ölkələrdə kiçik təsərrüfatlar/ailə təsərrüfatları üzrə kənd kooperativlərinin məlumat bazası, şəbəkə əlaqələri və Veb səhifələrinin yaradılması” layihəsi çərçivəsində keçirilən “İslam Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrdə kənd təsərrüfatı kooperativləri” adlı seminarda iştirak edib.
Tədbirdə A.Məmmədovun “Azərbaycanın kənd təsərrüfatında istehsal sistemlərinin hazırkı vəziyyəti” mövzusunda məruzəsi maraqla dinlənilib.
Eyni zamanda, Azərbaycan alimi Konya, Kuşadası və İzmir şəhərləri ətrafında şəkər çuğunduru yetişdirən kooperativlərin, süd kooperativlərinin idarəetmə prinsipləri ilə yaxından tanış olub, Bademli kooperativinin biotexnologiya laboratoriyasında meyvə bitkiləri sortlarının müxtəlif mühitlərdə çoxaldılması ilə bağlı məlumatlar əldə edib.
Seminarda fəal iştirakına görə A.Məmmədov sertifikata layiq görülüb.